Naftalan – “Qara qızıl”la zəngin Azərbaycan torpağının nemətidir. Ariflər demişkən: “ Vücuda da, ruha da şəfa bəxş edən torpağın qatı qanıdır”. Almaniyanın Drezden və Maqdeburq şəhərlərində Naftalandan müalicəvi məlhəmlər hazırlayan aksioner cəmiyyətləri yarandı. 1892-ci ildə Parisin gözəllik salonlarında naftalan qırışlara qarşı cavanlaşdırıcı məlhəm kimi təqdim olunurdu. Həmin dövrdə Naftalan nefti Almaniya, İngiltərə, Fransa və Yaponiya kimi ölkələrdə rəğbətlə qarşılanırdı. Naftalan neftinin yeni dövrünün başlanması alman mühəndisi Egerin adı ilə bağlıdır. 150 il öncə Naftalan nefti xüsusi qazılmış quyulardan çıxarılmağa, emal olunmağa başladı. Alman mühəndisi Eger neft yatağını istismar etmək hüququ qazandı. O zaman Naftalan şəhərinin ətrafındakı Qaşaltı, Qasımbəyli və Safıkürd kəndlərinin əhalisindən Naftalan nefti barəsində ətraflı məlumat toplayan Eger 1890-cı ildə burada kiçik bir zavod tikərək 2 cür neft – “Naftalan “ və “Kojelon” adlı sürtkü yağlarının istehsalına başlamışdır. 1914-cü ilə qədər olan dövr ərzindən Eger istehsal etmiş sürtkü yağlarının texnologiyasının sirrini gizli saxlamış, Birinci Dünya Müharibəsi başlandıqda zavod dağılmış , həmin sürtkü yağlarının resepti yoxa çıxmışdır. 1927, 1929 , 1933-cu illər axtarış dövrü olmuş , tibbi ekspedisiyaların Naftalana axını başlamışdır. Həmin zamanlarda taxtadan iki məhəllə düzəldilmiş, hər məhəllədə düzbucaqlı formada betondan kiçik hovuz düzəldilib onun içinə Naftalan töküb bir məhəllədə kişilər, bir məhəllədə isə qadınlar vanna qəbul edirlərmiş. 1929, 1930, 1931, 1932 –ci illərdə xəstələrin sayı üç min nəfərə çatmışdı. 1935-ci ildə 14 dərin kəşfiyyat quyusu qazılıb. 1935 –ci ildən etibarən Naftalan Ümumittifaq əhəmiyyətli kurort şəhəri kimi fəaliyyət göstərməyə başlayır, 1957-ci ilədən mövsümi fəaliyyət göstərən Naftalan kurortu, 1957-ci ildən etibarən il boyu fəaliyyət göstərməyə başlayır və nəhayət, 1967-ci ildə 500 yerlik birinci , 500 yerlik ikinci sanatoriya və 1969 –cu ildə üçüncü sanatoriya açıldı . 1971-ci ildə bu sanatoriyalar birləşdilər. Azərbaycan KPMK və Azərbaycan Nazirlər Soveti” Naftalan kurort şəhərinin daha da inkişaf etdirilməsi” haqqında 19 fevral 1982-ci il tarixli 55 saylı fərmanı ilə “Kurortlar birliyinin yaradılması haqqında “ qərar qəbul etmiş və 1982-ci ildən Naftalan sanatoriyasının bazasında “Kurort birliyi” yaradıldı. 480 yerlik “ Mil”, 800 yerlik “Goran”, 480 yerlik “Azərbaycan”, 560 yerlik “Çinar” və 580 yerlik “Şirvan “ sanatoriyaları fəaliyyət göstərirdi. Şəhər gündən-günə gözəlləşirdi. Onun füsunkarlığından doymaq olmurdu, hər tərəf gül-çiçəyə qərq olmuşdu. Həmin zamanda Naftalanın sahəsi kiçik olsa da, potensialı böyük idi. Olduqca cəlbedici, səliqəli bir kurort şəhəri idi. Şəhərdə geniş meşə massivi salınmış, hava limanı fəaliyyət göstərirdi. Dünyanın hər bir nöqtəsindən buraya insanlar gəlirdi.
Naftalan şəhəri 1967-ci ildən 1992-ci ilə kimi dövlət büdcəsinin vəsaiti hesabına inkişaf etdirilmişdir. 32 ədəd çoxmərtəbəli yaşayış binaları tikilmiş və şəhər əhalisinin böyük əksəriyyəti həmin yaşayış binalarında yerləşdirilmişdir. Naftalanda 1622 şagird yeri olan 3 məktəb fealiyyət göstərir. Bu məktəblərin binaları əsaslı surətdə təmir olunmuş, yeni tədris avadanlığı ilə təchiz edilmişdir. Şəhərdə 280 yerlik yeni körpələr evi - uşaq bağçasının tikilməsi balaca naftalanlılara dəyərli töhfədir. Eləcə də şəhərin sanatoriya-kurort infrastrukturu da dövlət büdcəsinin hesabına yaranmışdır. 1990-cı ilə kimi şəhərdə altı sanatoriya fəaliyyət göstərirdi. Müalicə məqsədi ilə şəhərimizə gələn insanların aşağıdakı göstəricilərinə fikir verək: 1982-ci ildə 47000 nəfər 1983-cu ildə 57000 nəfər 1984-cu ildə 60000 nəfər 1985-ci ildə 55000 nəfər 1986-ci ildə 64000 nəfər 1987-ci ildə 67000 nəfər 1988-ci ildə 65000 nəfər
1988-ci ildə Ermənistandan deportasiya edilmiş soydaşlarımızın və 1992-ci ildən başlayaraq Dağliq Qarabağ ərazisindən məcburi köçürülmüş insanların bu sanatoriyaların beşində məskunlaşdığına görə sanatoriyalardan biri fəaliyyət göstərirdi. Həmçinin beş sanatoriyanın işləməməsi 1200-1500-şəhər sakininin iş yerini itirməsinə səbəb olmuşdur. 1996-ci ildə müalicə məqsədi ilə gələn insanların sayı 2300 nəfərə enmişdir.