Naftalan şəhər 7 İllik Uşaq Musiqi məktəbi 1968-ci ildə keçmiş Qasım İsmayilov rayon musiqi məktəbinin filialı kimi fəaliyyətə başlamışdır. 1970-ci ildə məktəbə filialın rəhbəri kimi Məmmədov Məmmədəli Davud oğlu təyin edilir. Şəhər ümumtəhsil məktəblərində yaxın kənd məktəblərində oxuyan şagirdlər musiqi məktəbinə cəlb olunur və 1977-ci ildən məktəb müstəqil bir məktəb kimi fəaliyyət göstərməyə başlayır. Həmin illər Musiqi məktəbi Naftalan şəhər İ. Nəsimi adına 1 saylı orta məktəbin nəzdində bir neçə sinifdən ibarət idi. Məktəbdə fortepiano, tar , qarmon ,kamança və nağara şöbələri fəaliyyət göstərirdi. Bİr neçə ildən sonra məktəbin şagird və müəllim kontingenti daha da artır və nəhayət Xalq Deputatları Sovetinin razılığı ilə 1980-ci ildə hazırda musiqi məktəbinin fəaliyyət göstərdiyi binaya köçməyə icazə verilir. 1988-1992-ci illər Azərbaycanda Qarabağ münaqişəsinin qızğın bir dövründə məktəbin bir qrup müəllimləri əllərində silah işğalçı ermənilərlə mübarizəyə qalxmış, digər müəllimlər isə işiqsız, soyuq siniflərdə pedaqoq kimi fəaliyyətlərini davam etdirmiş, hərbi hissələrdə əsgər və zabitlər qarşısında onlarda ruh yüksəkliyi , vətən məhəbbəti hissini alovlandırmaq məqsədi ilə konsertlərlə çıxış etmişlər. Müəllimlərdən bir neçə nəfər Müharibə veteranı adına layiq görülmüş, bir nəfər Məmmədov Nofəl Çərkəz oğlu vətən uğrunda şəhid olmuşdur. 1993-cü ildə ulu öndər H. Əliyevin hakimiyyətə gəldiyi bir dövrdən Azərbaycanda atəşkəs yarandı, respublikamızda quruculuq, yaradıcılıq işləri başlandı. Məhz həmin illər Yeni Azərbaycan Partiyasının Naftalan şəhər təşkilatı yarandı və qərargah musiqi məktəbində uzun illər fəaliyyət göstərdi. 2000-ci ildə məktəbdə saz şöbəsi fəaliyyətə başladı. 2005-ci ildə məktəbin həyətyanı sahəsində 3 sinif otağı əlavə olaraq tikildi. Şəhər 7 İllik Uşaq Musiqi məktəbi Habil Əliyev küçəsində yerləşir, ümumi sahəsi 563,4 kvadrat metr, istifadə olunan sahə 537,6 kvadrat metrdir. Məktəbdə 31 sinif otağı, bir konsert zalı, bir kitabxana var. 2009-2010-cü tədris ilində məktəbdə yeni skiripka və xanəndəlik şöbələri açılmışdır. Məktəbdə hal-hazırda 338 nəfər şagird təhsil alır. Bu şagirdlərin təlim-təbiyyəsi ilə 119-nəfər müəllim məşğul olur. Müəllimlərin 80%-dən çoxu 7 İllik Uşaq Musiqi məktəbinin yetişdirmələridir. 2009-cu ilin yanvar ayından məktəbin direktoru vəzifəsinə Bakı Musiqi Akademiyasının “Musiqişünaslıq” fakültəsinin məzunu Əliyeva Almaz Asəf qızı təyin edildi.