Kitabxana - xalqımızın
milli tarixinin, milli sərvətinin, milli mədəniyyətinin,
adət-ənənəsinin qoruyucusu,
ən nadir xəzinə olan kitab xəzinəsinin
daşıyıcısı, dininin və dilinin yaşadıcısıdır.
N. Gəncəvi adına Mərkəzi kitabxana
XX əsrin 30-40-cı illərində Naftalan kiçik bir qəsəbə idi. Bu illərdə sanatoriyanın kiçik bir otağında yerləşən kitabxana qəsəbə kitabxanası kimi fəaliyyət göstərirdi və həmin dövrdə ilk kitabxanaçı Salman Salmanov adlı şəxs olub. Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 28 aprel 1967-ci il tarixli 48 saylı fərmanı ilə Qasım İsmayılov rayonunun tabeliyində fəaliyyət göstərən Naftalan qəsəbəsinə respublika tabeli şəhər statusu verildi. Həmin ildən etibarən kitabxana sanatoriyanın tərkibindən ayrılıb müstəqil şəhər kitabxanası kimi fəaliyyət göstərməyə başladı və baş kitabxançı vəzifəsində mərhum Şölə Rəhimova idi. O zaman kitabxananın fondu 6000 nüsxədən artıq idi. 1974-cü ildə kitabxananı 1-cü mikrorayon, İ. Həsənzadə küçəsi, 15 nömrəli binanın 1-ci mərtəbəsində yerləşdirdilər və N.Gəncəvi adına kitabxana adlandırıldı. Baş kitabxanaçı vəzifəsinə Vəsilə Abbasova təyin edildi. 1990-cı ildə şəhər Mədəniyyət şöbəsi təşkil edildi və həmin dövrdə kitabxannın fondu 28000 ədəbiyyatdan ibarət idi. Kitabxananın 50 yerlik oxu zalı var idi. 1992-ci ildə həmin kitabxanada kitabxanaçı vəzifəsində işləyən, kitabxanaçı-biblioqraf ixtisasına yiyələnmış Tahirə Aslanova N. Gəncəvi adına kitabxananın baş kitabxanaçı vəzifəsinə təyin edildi. 2007-ci ildən ali təhsilli ədəbiyyat müəlliməsi Leyla Quliyeva baş kitabxançı təyin edildi.
Yaxşı bir kitab kolleksiyası həqiqi bir universitetdir.
Tomas Karlayl
Məhsəti Gəncəvi adına kitabxana
Kitabxana 1978-ci ildə yaradılıb. İlk baş kitabxanaçı Əzizə Quliyeva olub. Əvvəl bu kitabxana A. S. Puşkinin adını daşıyıb. 1996-ci ildən isə kitabxananın adı dəyişdirilərək Azərbaycanın dahi şairəsi M. Gəncəvinin adı verilmişdir. 1997-ci ildən 2012-ci ilə qədər baş kitabxanaçı vəzifəsində Familə Həsənova işləmişdir və kitabxanada 3 nəfər işçi var idi. 2010-cu ildə kitabxananın ümumi fondu 12136 nüsxə ədəbiyyatdan ibarət idi. M. Gəncəvi adına kitabxana şəhərin 2-ci mikrorayonunda - 15-ci binanın 1-ci mərtəbəsində yerləşirdi.
Bir evə kitabxana əlavə etmək o evə ruh vermək deməkdir.
Siseron
Qaşaltı Qaraqoyunlu kənd kitabxanası
Kitabxana Qaşaltı kəndində 2 otaqda yerləşirdi. 1967-ci ildə yaradılıb. Hacıyeva Günəş ilk kitabxanaçı idi. Həmin illərdə Qasım- İsmayılov rayonunun tabeliyində fəaliyyət göstərirdi. Azərbaycan Respublikası prezidentinin “Goranboy- Naftalan inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” 2010-cu il 31 may tarixli sərəncamı ilə Qaşaltı Qaraqoyunlu kəndi rayonun tərkibindən ayrılaraq Naftalan şəhərinin ərazisinə verilmişdir. Bu gündən etribarən Qaşaltı kənd kitabxanası Naftalan Şəhər Mədəniyyət və Turizm şöbəsinin tabeliyində fəaliyyət göstərməyə başlamış və Həsənova Zəriş baş kitabxanaçı vəzifəsində işləmişdir. 2012-ci ilin noyabr ayında kitabxanalar birləşərək vahid Nizami Gəncəvi adına Mərkəzi şəhər Kitabxanası yaradıldı. Kitabxanada 3 şöbə fəaliyyət göstərir – Xidmət şöbəsi, Uşaq şöbəsi, İnformasiya resurs şöbəsi. Kitabxanada aparatda direktor, operator, xadimə, Xidmət şöbəsində baş kitabxanaçı, kitabxanaçı, Uşaq şöbəsində baş kitabxanaçı, kitabxanaçı, İnformasiya texnologiya üzrə mütəxəssis, İnformasoya resurs şöbəsində proqramçı, sistem inzibatçısı vəzifələrində 9 nəfər işçi çalışır. Direktor vəzifəsində müvəqqəti olaraq Verdiyeva Nuranə Rasim qızı işləyir. Zəngin kitab fonduna mailk olan kitabxanamızda 32711 nüsxə ədəbiyyat var. İlin əvvəlindən yeni gələn ədəbiyyatlar 300 nüsxədir. Kitab verilişi 2300 nüsxə, oxucuların sayı isə 1625 nəfər təşkil edir. Kitabxana müxtəlif oxucu qruplarına malikdir- 15 yaşlılar, qulluqçular, ziyalılar, təqaüdçülər, ahıllar və qocalar. Kitabxana işçiləri oxuculara qayğı və nəzakətlə yanaşaraq yüksək xidmət göstərirlər. Kitabxana oxucuların mənəvi istirahət yeri və zəngin bilik mənbəyidir.